Sentyabrın 21-də “Sülh Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Sülh və dayanıqlı iqtisadi inkişaf: Naxçıvanın gələcəyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Müslüm Cabbarzadə bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib.
Qeyd olunub ki, “Sülh Aylığı”nın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, eləcə də dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdirləri Elnur Mahmudov və Rza İbrahimli, Nazirlik yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Zahid Qənbərov və Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Ayaz Cabbarov çıxış ediblər.
Çıxışlarda 21 Sentyabr – Beynəlxalq Sülh Gününün əhəmiyyəti, sülhün iqtisadi inkişafa təsiri, iqtisadi inteqrasiya və beynəlxalq nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar, eləcə də dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi siyasətinin, vergi mədəniyyətinin, həmçinin mülkiyyət hüquqlarının təminatı və şəffaf əmlak münasibətlərinin rolu barədə məlumat verilib.
Çıxışlarda sülh və sabitliyin iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı və iqtisadi potensialdan səmərəli istifadəyə yaratdığı imkanlar vurğulanıb.
