Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti, eləcə də adıçəkilən qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı qarşı tərəfə muxtar respublikanın ticarət-iqtisadi potensialı, investisiya imkanları və biznes mühitinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Nümayəndə heyəti öz növbəsində, logistika, nəqliyyat-tranzit, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsini təklif edib, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən muxtar respublikada bu sahələrdə həyata keçiriləcək layihələrə kreditlərin ayrılmasının mümkünlüyünü bildirib.
Tərəflər iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri, Avropa İttifaqına üzv ölkələrin şirkətlərinin investisiya qoyulması məqsədilə muxtar respublikaya cəlb olunması imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.
