Yanvarın 29-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Nazirlik və tabeli qurumlar tərəfindən ötən il ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib.
Qeyd edilib ki, 2025-ci ildə muxtar respublikada sahibkarlıq sahəsində həyata keçirilən layihələr nəticəsində 97-i dövlət maliyyə dəstəyi, 49-u özəl investisiya hesabına olmaqla 146 layihə üzrə istehsal və xidmət sahələri istifadəyə verilib, hazırda isə 113 layihə üzrə işlər davam etdirilir.
Nazir diqqətə çatdırıb ki, 2025-ci ildə Naxçıvanda sahibkarlıq fəaliyyəti üzrə 47 lisenziya verilib. Lisenziyaların 42,6 faizi əczaçılıq, 12,8 faizi baytarlıq, 10,6 faizi yükdaşıma, 8,5 faizi rabitə, 4,2 faizi tikinti, 21,3 faizi isə digər fəaliyyət növlərinə aiddir. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 9752 icazə reyestrdə qeydiyyata alınıb, icazələrdən büdcəyə 231,6 min manat vəsait daxil olub. Qeyd edilib ki, 2024-cü illə müqayisədə icazələrin sayı 81,5 faiz, icazələrdən daxilolmalar isə 49,2 faiz artıb.
İxrac istiqamətində görülən işlərdən danışan nazir bildirib ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 3,7 faiz artaraq 130,1 milyon ABŞ dollarına çatıb. 2025-ci ildə muxtar respublikada istehsal edilən məhsullar Amerika Birləşmiş Ştatları, Türkiyə, Çin, Rusiya, İran, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Suriya, Qırğızıstan, Tacikistan və digər ölkələrə ümumilikdə 13,6 milyon ABŞ dolları dəyərində ixrac olunub ki, bu da 2024-cü illə müqayisədə 28,4 faiz artım deməkdir. Naxçıvandan ixrac olunan mallara 468 mənşə sertifikatı verilib ki, bu da 2024-cü illə müqayisədə 30 faiz çoxdur. Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixrac imkanları genişləndirilib, ixrac coğrafiyası 2024-cü ildə 13 ölkədən 2025-ci ildə 15 ölkəyədək artıb. İxracın təşviqi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2025-ci il ərzində ölkə daxilində və xaricdə keçirilən 18 beynəlxalq tədbirdə 146 sahibkar iştirak edib, 20 şirkətin məhsulları 7 beynəlxalq sərgidə nümayiş olunub.
2025-ci ildə sahibkarlıq subyektlərinə 3 İnvestisiya Təşviqi Sənədi və 5 Təsdiqedici Sənəd təqdim edilib. Ümumilikdə, investisiya təşviqi mexanizmləri çərçivəsində reallaşdırılacaq layihələr hesabına yerli istehsalın genişləndirilməsi məqsədilə 13 milyon manatdan artıq vəsaitin cəlb edilməsi və 130 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 261 milyon 895 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 14,4 faiz çoxdur. Ötən il İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar ümumi daxilolmaların 90,1 faizini təşkil edib.
Naxçıvanda vergi sahəsində görülən işlərdən danışan nazir bildirib ki, 2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə muxtar respublika büdcəsinə vergi daxilolmaları 260,4 milyon manata yaxın olub ki, bu da 2024-cü illə müqayisədə 14,9 faiz çoxdur.
Qeyd olunub ki, qeyri-dövlət sektoru üzrə vergi daxilolmaları isə 185,9 milyon manat olmaqla, 2024-cü illə müqayisədə 21,6 faiz artıb.
2025-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,2 faiz artaraq 178,5 milyon manat, icbari tibbi sığorta üzrə daxilolmalar 9,5 faiz artaraq 31,7 milyon manat, işsizlik sığortası fonduna daxilolmalar 5,1 faiz artaraq 4,7 milyon manata yaxın təşkil edib.
Ötən il ərzində vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 44 mindən çox şəxs qəbul edilib, onlara 60 minə yaxın xidmət göstərilib. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,6 faiz təşkil edir.
2025-ci ildə vergi ödəyicilərinə 668 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib, 113 görüş keçirilib, onlara 540 ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3689 müraciət üzrə 6479 Asan İmza sertifikatı verilib.
01 yanvar 2026-cı il tarixə qeydiyyatda olan aktiv obyektlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 6090, qeydiyyatda olan vergi ödəyicilərinin sayı 7,4 faiz artaraq 54179 nəfər, aktiv vergi ödəyicilərinin sayı 2,7 faiz artaraq 22360, ƏDV ödəyicilərinin sayı 20,6 faiz artaraq 855, qeydiyyatda olan aktiv POS-terminalların sayı 65,7 faiz artaraq 4296 ədəd, qeydiyyatda olan Online NKA sayı 1,1 faiz artaraq 3259, aktiv bank hesablarının sayı 35,7 faiz artaraq 29778, 2025-ci il ərzində yeni açılmış bank hesablarının sayı 18,1 faiz artaraq 8234 təşkil edib.
2025-ci ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü illə müqayisədə 19,6 faiz artaraq 1 milyard 227,3 milyon manat, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə isə 21,9 faiz artaraq 136,5 milyon manat, Online NKA üzrə dövriyyə 26 faiz artaraq 509,8 milyon manat, vergi ödəyiciləri üzrə dövriyyə 5,9 faiz artaraq 1 milyard 456,5 milyon manat təşkil edib.
Nazir onu da qeyd edib ki, muxtar respublikada ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi uğurla davam etdirilir. 2025-ci ildə istehlakçılara qaytarılan məbləğ 2024-cü illə müqayisədə 25,8 faiz artaraq 1,8 milyon manatdan çox olub.
Nazir əmlak sahəsində görülən işləri açıqlayaraq bildirib ki, 2025-ci il ərzində 98 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən daxil olmuş 1,2 milyon manatın 962,9 min manatı muxtar respublika büdcəsinə ödənilib. 2025-ci il ərzində 259 yeni icarə müqaviləsi bağlanıb, 208 icarə müqaviləsinin müddəti uzadılıb. 2024-cü illə müqayisədə yeni icarə müqavilələrinin sayı 76,2 faiz, müddəti uzadılmış müqavilələrin sayı 21,6 faiz çox olub. Dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar 704,5 min manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 30,9 faiz çox olub. Nazir bildirib ki, nəticə etibarilə 2025-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən muxtar respublika büdcəsinə, ümumilikdə 1 milyon 667 min manat vəsait daxil olub.
Müvafiq sahədə 2025-ci ildə göstərilən elektron xidmətlərdən daxil olan müraciətlərin sayı 2024-cü illə müqayisədə 14,2 faiz artaraq 7410-a çatıb. Qeyd olunub ki, daşınmaz əmlakın dövlət qeydiyyatı, inventarlaşdırılması və ünvan reyestrinin aparılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. 2025-ci ildə 10601 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Qeydiyyata alınmış əmlaklar üzrə torpaq sahələrinin sayı 4664, fərdi yaşayış və bağ evlərinin sayı 4003, mənzil 1423, qeyri-yaşayış binası və sahəsi 470, əmlak kompleksi kimi müəssisə sayı 41 olub.
Kazım Hüseynəliyev bildirib ki, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2,4 milyon manatdan çox xidmət haqqı, 1,1 milyon manata yaxın isə dövlət rüsumu daxil olub.
Hesabat dövründə 531 yerquruluşu planı hazırlanıb, 111 xəritə və plan tərtib edilib, 81 hərrac keçirilib, keçirilmiş hərrac və müsabiqələrdən 21,6 min manat xidmət haqqı daxil olub.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev mətbuat konfransında bildirib ki, 2025-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 13,4 milyon manat məbləğində kredit maliyyələşdirilib, bu da ötən illə müqayisədə 3,1 dəfə çoxdur. 2025-ci ildə Fond tərəfindən 163 layihə maliyyələşdirilib ki, bunun da hesabına 373 yeni iş yerinin yaradılması planlaşdırılır.
Bildirilib ki, maliyyələşdirilmiş kreditlərin 67,5 faizi sənaye, 21,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 11,4 faizi isə xidmət sahələrinə yönəldilib. Fond tərəfindən maliyyələşdirilən layihələrin 92 faizi muxtar respublikanın rayonlarında reallaşdırılan layihələr olub.
Nazir qeyd edib ki, 1 yanvar 2026-cı il tarixinə Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 50,3 milyon manat təşkil edib. 2025-ci ildə verilmiş güzəştli kreditlər üzrə 10,2 milyon manat vəsaitin geri qaytarılması təmin olunub ki, bunun da 2,4 milyon manatı problemli kreditlər üzrə olub.
Daha sonra nazir Kazım Hüseynəliyev media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
